Rusiyada əmək miqrantlarına mənfi münasibət və sərt tədbirlərin tətbiqindən sonra Tacikistan vətəndaşlarının Cənubi Koreyada işlə təmin olunması ilə bağlı iki ölkə arasında yekun saziş imzalanıb.
Hafta.az-ın yazdığına görə, ilk əmək miqrant axını 2025-ci ildə bu ölkəyə yola düşəcək. Bu barədə Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi öz Facebook səhifəsində məlumat yayıb.
Nazirlik bildirir ki, oktyabrın 31-də Düşənbədə iki ölkə arasında Koreyanın Məşğulluq İcazə Sistemi (EPS) vasitəsilə işçilərin göndərilməsi və qəbulu üzrə anlaşma memorandumu imzalanıb. İndi bu sənəd hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilməlidir.
“Bu memorandum hər iki tərəfin milli maraqları nəzərə alınmaqla hazırlanıb. Sənəddə əmək, miqrasiya və məşğulluq, əmək resurslarının hazırlanması, əcnəbi işçilərin hüquq və mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığın gücləndirilməsi, o cümlədən hər iki ölkənin mövcud qanunlarına uyğun olaraq əmək miqrantlarının leqallaşdırılması məsələləri əks olunub. Bu, əmək miqrasiyasının şaxələndirilməsinə və Tacikistan vətəndaşlarının mütəşəkkil şəkildə cəlb edilməsinə töhfə verəcək”, - Əmək Nazirliyi qeyd edir.

Nazirlik hesab edir ki, memorandumun başlaması ilə ölkədə işsizlik səviyyəsini azaltmaq və Tacikistan vətəndaşları üçün yeni əmək bazarı açmaq mümkün olacaq.
Qeyd edək ki, 29 dekabr 2023-cü ildə Tacikistan Koreyanın EPS sisteminə (Cənubi Koreya Xarici İqtisadi Əmək Siyasəti Komitəsi) qoşulan 17-ci ölkə olub. Ölkələr dil və peşə hazırlığı standartlarını hazırlamaq, əmək miqrasiyası üçün qanuni tələbləri sadələşdirmək barədə razılığa gəliblər.
Koreyalı işəgötürənlərin əsas tələbləri arasında Koreya dilini bilmək və peşəkar bacarıqlar var. Nazirlik bu tələbi nəzərə alaraq, nazirliyin dövlət qurumları və müəssisələrinin bazasında Koreya dilinin və Koreyanın əmək bazarında tələbat olan peşələrin tədrisini təşkil edib.
Qeyd olunur ki, Koreyada işləmək istəyən hər kəs Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluq Nazirliyi ilə əlaqə saxlaya, dil kurslarını bitirdikdən sonra bu ölkəyə işləmək üçün gedə bilərlər. Nazirlik həmçinin qeyd edib ki, iki ölkə arasında memorandum Koreyada tacik əmək miqrantlarının hüquq, mənafe və azadlıqlarının müdafiəsi mexanizmini nəzərdə tutur, bu mexanizm Tacikistan vətəndaşlarının mənafeyinə yönəlib və mümkün mənfi nəticələri aradan qaldırır.
Son illərdə Tacikistan hakimiyyəti əmək miqrasiyasının digər istiqamətlərini, ilk növbədə Böyük Britaniya və Cənubi Koreyaya açmaq üçün səylər göstərir.
İlk dəfə olaraq 2022-ci ildə Tacikistanın Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyi ilə Koreyanın Colanam-do əyaləti arasında əməkdaşlıq sazişi əsasında 58 Tacikistan vətəndaşı mövsümi işlərdə çalışmaq üçün Cənubi Koreyaya göndərilib.